AMADA-nın direktoru Avropa Şurasında yeni yaradılan gender bərabərliyi üzrə komitəyə sədrlik edəcək
Azərbaycanın Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli Avropa Şurasında yaradılan gender bərabərliyi üzrə xüsusi komitəyə sədrlik edəcək.

Xüsusi komitə Ş.Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini daha əhatəli formada həyata keçirmək və onun icrasını dəstəkləmək məqsədilə yaradılıb. Gender bərabərliyi Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin gündəliyində və strateji planında yer aldığı üçün Ş.Hüseynlinin bu layihəsinə böyük dəyər verilib və xüsusi komitənin yaradılması qərara alınıb.

Komitənin yaradılması ilə bağlı Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) noyabrın 16-17-də keçirilən 55-ci iclasında razılıq əldə edilib. Belə ki, layihənin həm CAHAMA, həm də Avropa Şurasının Antidopinq Konvensiyasının monitorinq qrupu çərçivəsində həyata keçirilməsi və bunun üçün xüsusi komitənin yaradılması məqsədəuyğun hesab edilmişdi. Beləliklə, antidopinq sahəsində gender bərabərliyi üzrə xüsusi komitənin əsasnaməsi hazırlanaraq bütün üzv dövlətlərə təqdim edilib. Ş.Hüseynlinin sədrliyi ilə komitənin yaradılması üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib.

Komitənin tərkibi sədr Ş.Hüseynli, CAHAMA və Avropa Şurasının Antidopinq Konvensiyasının monitorinq qrupunun təyin etdiyi 6 ölkənin nümayəndələrindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Avropa Şurası Parlament Assambleyasının, onun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin, İnsan hüquqları və gender bərabərliyi departamentinin, “İdman haqqında genişləndirilən hüdudlu saziş”in (EPAS) və İdman konvensiyaları bölməsinin nümayəndələrindən, habelə dəvət edilən müşahidəçi və ekspertlərdən ibarət olacaq.

Komitə “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrası çərçivəsində antidopinq təşkilatlarında və antidopinq üzrə dövlətlərarası qurumlarda gender balansı haqqında məlumatın toplanmasını həyata keçirəcək, təsis sənədlərinin və daxili qaydaları təhlil edəcək, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması, habelə gender bərabərliyinin gücləndirilməsi üçün tövsiyələr hazırlayacaq. Komitə layihənin səmərəli şəkildə həyata keçirilməsi üçün Avropa Şurasının aidiyyəti digər komitələri, qrupları və üzv dövlətləri ilə əməkdaşlıq edəcək. Komitənin fəliyyətinin və “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.

Ş.Hüseynlinin müəllifi olduğu bu layihə Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 24-də keçirilən iclasında da dəstəklənib və CAHAMA-nın 2022-2025-ci illər üzrə əsasnaməsinə daxil edilib.

Xəbər 649 dəfə oxundu.