Dünya çempionatında uğurla çıxış etmiş karateçilərimizlə Milli Olimpiya Komitəsində görüş keçirilib
Dekabrın 2-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında noyabrın 16-22-də Dubayda təşkil olunmuş karate üzrə dünya çempionatında uğurla çıxış etmiş milli komandamızın üzvləri ilə görüş keçirilib.

Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, kişi kumiteçilərdən ibarət yığma komandanın baş məşqçisi Qurban Tağıyev, qadınlardan ibarət kumite komandanın baş məşqçisi Denis Morozov, federasiyanın baş hakimi Cahangir Babayev, komandanın üzvləri iştirak ediblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan karateçilərinin “Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra dünya çempionatında da uğurla çıxış etdiklərini və qazandıqları nəticələrin sevindirici olduğunu vurğulayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovu Beynəlxalq Şotokan Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edən Ç.Hüseynzadə federasiyanın fəaliyyətinə və Azərbaycan karateçilərinə uğurlar arzulayıb.

Federasiya prezidenti Yaşar Bəşirov Tokio Yay Olimpiya Oyunları və dünya çempionatında komandamızın uğurlu çıxışları haqqında məlumat verib. Bildirib ki, karateçilərimizin Olimpiadada qazandıqları iki gümüş medal ölkəmizdə idmanın bu növünün sürətli inkişafının nəticəsidir. O, noyabrın 16-22-də Dubayda keçirilmiş dünya çempionatına hazırlıq prosesindən danışıb, idmançılarımızın mundialda qazandıqları uğurların karateçilərimizin dünyanın ən güclüləri sırasında yer almasının göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan milli karate komandasının lideri Rafael Ağayev ağır zədədən sağaldıqdan sonra dünya çempionatında mübarizə aparmağın çətin olduğunu bildirib: “Şəxsi yarışlarda işlər qaydasında idi. ABŞ təmsilçisi Skott Tomas ilə 9 görüş keçirmişəm. Ancaq ilk dəfə ona uduzdum. Həmin qarşılaşmada 0:3 hesabı ilə geridə idim və 3 xal alaraq hesabı bərabərləşdirdim. Lakin hakimlərin rəyi ilə ABŞ idmançısı qalib elan edildi. Həqiqətən dincəlmək üçün bir az zaman olsaydı, altıqat dünya çempionu adını qazana bilərdim. Amma irəli baxmaq lazımdır. Məşqlərə davam etməliyik. İnanıram ki, yenidən bayrağımızı dalğalandıracağıq”.

Dünya çempionatında qızıl medal qazanan karateçi İrina Zaretska ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. O, göstərilən etimadı bundan sonra da doğruldaraq daha böyük uğurlar qazanmaq üçün yarışlara ciddi hazırlaşacaqlarını bildirib.

Xatırladaq ki, dünya çempionatında idmançılarımızdan İrina Zaretska (68 kq) çempion adını qazanıb. Kişilərin yarışında isə Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıb. Bundan başqa, Rafael Ağayev, Asiman Qurbanlı, Tural Ağalarzadə, Turqut Həsənov, Pənah Abdullayev, Tural Ələkbərli, Rafiz Həsənovdan ibarət komandamız, eləcə də parakarateçilərimizdən Emiliya Mitilinova və Eldar Əhmədov dünya üçüncüsü olublar.

Xəbər 453 dəfə oxundu.