Qazaxıstanlı gimnast İslam Kabdollov Bakıda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb | |
Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında Qazaxıstan təmsilçisi İslam Kabdollov birinci olub. 11-12 yaş qrupunda oğlanlar arasında tamblinq yarışlarının finalında İ.Kabdollovun çıxışı hakimlər tərəfindən 31,100 xalla qiymətləndirilib. Rusiya idmançıları Aleksey Romanov və Nikolay Volkov (hər ikisi 30,600 xal) ilk üçlüyü tamamlayıblar. Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb. Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək. Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər. |
|
Xəbər 387 dəfə oxundu. |
|
|