Azərbaycan gimnastı Selcan Maqsudova dünya yaş qrupları yarışlarında dördüncü olub
Azərbaycan təmsilçisi Selcan Maqsudova Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında dördüncü olub.

İdmançımızın 17-21 yaş qrupunda batut gimnastikası üzrə fərdi proqramda final çıxışı 51,525 xalla qiymətləndirilib.

Rusiyalı gimnast Meri Qolota 53,925 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər Rusiya təmsilçisi Aleksandra Bonartseva 53,245 xalla gümüş, yaponiyalı Yuka Misava 53,235 xalla bürünc medala sahib olublar.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 416 dəfə oxundu.