Azərbaycan komandası 11-12 yaş qrupunda oğlanlar arasında batut üzərində sinxron tullanış yarışlarının finalına yüksəlib
Azərbaycan komandası Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında 11-12 yaş qrupunda oğlanlar arasında batut üzərində sinxron tullanış yarışlarının finalına yüksəlib.

İbrahim Mustafazadə və Ammar Baxşəliyevdən ibarət komandamız təsnifat mərhələsində 41,510 xalla altıncı olub və mərhələ adlayıb.
Finalda Azərbaycan cütlüyü ilə yanaşı, Rusiya-1, Rusiya-2, Yaponiya, İtaliya, Belarus-1, Belarus-2 və Bolqarıstan komandaları da mübarizə aparacaq.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 772 dəfə oxundu.