AMADA-nın direktoru “Pekin-2022” Qış Paralimpiya Oyunlarında antidopinq proqramının monitorinqinə rəhbərlik edəcək | |
Pekin 2022 Qış Paralimpiya Oyunlarında antidopinq proqramının monitorinq edilməsinə AMADA-nın direktoru Şəfəq Hüseynli rəhbərlik edəcək İlk dəfə olaraq Azərbaycan nümayəndəsi, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli dünyanın ən mötəbər beynəlxalq idman yarışlarından olan Qış Paralimpiya Oyunlarında Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək. Bu barədə qərar bu gün ÜADA tərəfindən açıqlanıb. ÜADA-nın baş direktoru Olivier Niggli bildirib ki, son illər ərzində ÜADA-nın Müstəqil Müşahidəçi Qrupları bir çox beynəlxalq yarışlarda dopinq nəzarəti sisteminin bütövlüyünün və beynəlxalq standartlara uyğunluğunun qorunmasına töhfə verib. Pekin 2022 üçün seçilmiş Müşahidəçi Qrupları ədalətli oyun dəyərlərinə sadiq və idmançıların ən yaxşı antidopinq proqramından faydalanması istiqamətində çalışan peşəkarlardan ibarətdir. Belə ki, qərara əsasən Paralimpiya Oyunlarında ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna Azərbaycandan Şəfəq Hüseynli, Olimpiya Oyunlarında isə Böyük Britaniyadan olan Hiteş Patel rəhbərlik edəcək. Yarandığı 2016-cı ildən etibarən ÜADA ilə sıx əməkdaşlıq edən AMADA öz öhdəliklərini peşəkarcasına beynəlxalq standartlara uyğun yerinə yetirməklə yanaşı qlobal antidopinq siyasətinə də daima öz töhfəsini verir. Məhz bu cür əzmkarlığın və ölkəmizin beynəlxalq səviyyədə layiqincə təmsil edilməsinin nəticəsidir ki, Azərbaycan nümayəndəsi, Şəfəq Hüseynli həm ÜADA-nın, həm də digər beynəlxalq təşkilatların müxtəlif komitə, komissiya və işçi qruplarında təmsil olunur, qlobal antidopinq siyasətinin formalaşmasında iştirak edir. Bu, Azərbaycan nümayəndəsinə antidopinq hərəkatında göstərilən böyük bir inamdır. Qeyd edək ki, Şəfəq Hüseynli hazırda ÜADA-nın milli antidopinq təşkilatları üzrə ekspert məşvərətçi qrupunun üzvüdür, Avropa Şurasının insan hüquqları üzrə xüsusi ekspert qrupunun sədr müavini, gender bərabərliyi məruzəçisi və bir sıra beynəlxalq antidopinq layihələrin rəhbəridir. Şəfəq Hüseynlinin Qış Paralimpiya Oyunları kimi mötəbər tədbirdə ÜADA tərəfindən Müstəqil Müşahidəçi Qrupuna artıq rəhbər qismində təyin edilməsi ÜADA-nın ona davamlı olan böyük etimadın növbəti bir nümunəsidir. Qeyd edək ki, beynəlxalq yarışlarda antidopinq prosesinə Müstəqil Müşahidəçi Qrupu tərəfindən nəzarət edilməsi 2000-ci il Sidney Olimpiadasından tətbiq olunur. İndiyədək 50-dən çox beynəlxalq yarışda tətbiq edilən bu sistem dopinq nəzarətinin beynəlxalq standartlara uyğunluğunu monitorinq edən əsas elementlərdən biridir. Müşahidəçi Qrupun üzvləri oyunlar zamanı hər gün yarışlarda antidopinq proqramının necə həyata keçirilməsini, o cümlədən test planlaşdırması, bildiriş prosesi və dopinq nəzarəti işçilərinin fəaliyyətini əyani müşahidə edəcəklər. Qrup üzvləri eyni zamanda nümunələrin toplanması, analiz üçün təhvil verilməsi, laboratoriya prosesi, Terapevtik İstifadə üçün İstisnaların tətbiqi və nəticələrin idarə edilməsi prosesini müşahidə edəcək. Qrup öz müşahidələri əsasında nöqsanları müəyyən edəcək və işin təkmilləşdirilməsi ilə bağlı gündəlik görüşlər keçirəcək. Yekunda Qrup tərəfindən hesabat hazırlanacaq. |
|
Xəbər 401 dəfə oxundu. |
|
|