Bakıda keçiriləcək dünya çempionatında titullu gimnastlar mübarizə aparacaqlar
İlin ən böyük yarışı olan Olimpiya Oyunlarından sonra batutçular daha bir irimiqyaslı turnirə - dünya çempionatına hazırlaşırlar. Gündoğar ölkədən - Yaponiyadan sonra onların növbəti dayanacağı “Odlar Yurdu” Azərbaycan olacaq. Yalnız gimnastika növləri üzrə ixtisaslaşmış idman qurğusu olan Milli Gimnastika Arenasında batutçulara tamblinq və ikili mini-batut təmsilçiləri də qoşulacaqlar. Batutçular bu yarışda sinxron proqramda da qüvvələrini sınayacaqlar.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, çempionatın qeydiyyat siyahısına əsasən, Bakıya 33 ölkənin idmançıları dünya birincisi olmaq üçün təşrif buyuracaqlar. Bu yarışda titullu ulduz gimnastlar öz üstünlüyünü qoruyub saxlamağa, mükafatçılar siyahısına daxil olmaq istəyən iddialı idmançılar isə onları üstələməyə çalışacaqlar.

Yarışda ümumilikdə 266 gimnast 51 dəst medal uğrunda mübarizə aparacaq. Onlardan 160 nəfəri batut, 63-ü tamblinq, 43-ü isə ikili mini-batut yarışlarında çıxış edəcək.

Batut gimnastikası (fərdi proqram)

Çempionatın əsas favoritləri sırasında kişilərin yarışında Belarus təmsilçisi, hazırkı Olimpiya çempionu İvan Litvinoviç (Belarus) və Olimpiadanın bürünc medalçısı Dilan Şmidtin (Yeni Zellandiya) adlarını çəkmək olar. Bundan başqa, yarışda dünya çempionatının gümüş və bürünc mükafatçıları Dmitri Uşakov və Mixail Melnik (Rusiya Gimnastika Federasiyası), dünya çempionatının gümüş medalçısı Morante Allen (Fransa) çıxış edəcəklər.

Qadınların fərdi yarışlarında isə favorit sonuncu Olimpiya Oyunlarının bürünc medalçısı britaniyalı Brioni Peycdir. Bu çempionatda 2017-ci ildə dünya çempionu olmuş 40 yaşlı Belarus təmsilçisi Katrina Petreniya da iştirak edəcək.

Batut gimnastikası (sinxron proqram)

Sinxron cütlüklər arasında Yaponiya təmsilçiləri - dünya çempionu olmuş Takaqi Yumi yeni cütlük həmkarı Tamura Narumi ilə birgə mükafatçılar sırasında yer almağa çalışacaqlar. Bundan əlavə, kanadalı gimnastlar - dünya çempionatının mükafatçıları olmuş Milyet Sara və Meto Sofiane, belaruslu cütlük Katrina Petreniya və Viktoriya Kuidan da sinxron proqramda mübarizə aparacaqlar. Kişilərin sinxron proqram üzrə yarışlarında veteran batutçular rusiyalı Dmitri Uşakov və Nikita Fedorenka daha gənc rəqiblərini üstələməyə çalışacaqlar.

İkili mini-batut

İkili mini-batut yarışları zamanı çoxqat dünya çempionu Mixail Zalomin (Rusiya Gimnastika Federasiyası) və ikiqat dünya birincisi Lina Syoberq (İsveç) Milli Gimnastika Arenasında da öz titullarını qorumağa çalışacaqlar.

Tamblinq

Bu çempionatda Azərbaycanın təmsilçisi Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi Mixail Malkin tamblinq üzrə yarışlarda fəxri kürsüdə yer almaq uğrunda mübarizə aparacaq. Onun əsas rəqibləri isə dünya çempionları rusiyalı Vadim Afanasev və Aleksandr Lisitin olacaq. Qadın tamblinqçilər arasında isə son dünya çempionatının qalibi rusiyalı Viktoria Danilenko və dünya ikincisi britaniyalı Şanis Devidson bu yarışın qalibi olmaq üçün var gücləri ilə çalışacaqlar.

Dünya çempionatı noyabrın 18-dən 21-dək davam edəcək.

Xəbər 478 dəfə oxundu.