Hidayət Heydərov "Böyük dəbilqə" turnirinin bürünc medalını qazanıb
Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində idmançımız Hidayət Heydərov bürünc medal qazanıb.

Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada almaniyalı Lukas Vennekolda qalib gəlib.

Cüdoçumuz əvvəlki qarşılaşmalarda almaniyalı Mixael Adamı məğlub etsə də, dörddəbir finalda rusiyalı Mahmadbek Mahmadbekova uduzub. Təsəlliverici görüşdə qırğızıstanlı Ertut Turdubayevi məğlub edən cüdoçumuz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Qeyd edək ki, bundan əvvəl təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) bürünc medal qazanıblar.

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük Dəbilqə” turnirinə noyabrın 7-də yekun vurulacaq. İyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi mötəbər yarışda Azərbaycan geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.

Xəbər 378 dəfə oxundu.