Azərbaycan İdman Jurnalistləri Federasiyasının komandası Tbilisidə keçirilən futbol turnirində beşinci olub
Tbilisidə məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında Beynəlxalq Media Kuboku turniri keçirilib.

Postsovet ölkələrindən 8 komandanın iştirak etdiyi yarışda Azərbaycanı İdman Jurnalistləri Federasiyasının (AİJF) yığma komandası təmsil edib.

Azərbaycanlı jurnalistlər bu günlərdə koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsini anıblar. AİJF-nin komandası ilk görüşə üzərində Elnur Əşrəfoğlunun fotosu və “Biz səni heç vaxt unutmayacağıq” (We will never forget you) sözləri yazılmış lövhə ilə çıxıb.

B qrupunda yer alan komandamız əvvəlcə Ukraynanın “Kiyev” komandası ilə görüşüb. Qarşılaşma Ukrayna təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Litva komandası ilə qarşılaşmada isə Azərbaycan komandası 3:1 hesablı qələbə qazanıb. AİJF komandasının sonuncu görüşü moldovalı jurnalistlərlə olub. Oyunda Moldova komandası 5:2 hesabı ilə qalib gəlib.

Rəqib komanda bu qələbəni peşəkar futbolçuların xidmətindən istifadə etməklə qazanıb. Belə ki, Moldova komandasının idmançılarından biri “Tiras” minifutbol komandasının üzvü, yarımmüdafiəçi Sergey Orsul olub. AİJF rəhbərliyi buna etirazını bildirsə də, təşkilatçılar qalmaqalı böyütməməyi xahiş ediblər. Onlar baş verənlərə görə üzrxahlıq ediblər və Moldovanı növbəti turnirə dəvət etməyəcəklərini bildiriblər.

Beləliklə, qrupda üçüncü yeri tutan AİJF yığması turnirdə beşinci yer uğrunda görüşdə Ukraynanın “Odessa” komandası ilə qarşılaşıb. Əsas vaxtı 4:4 hesablı heç-heçə ilə başa çatan görüşdə qalib 11 metrlik zərbələrlə müəyyən olunub. Bu mübarizədən 6:5 hesablı qələbə ilə ayrılan AİJF 8 iştirakçı arasında beşinci yeri tutub.

Turnirin qalibi adını üç peşəkar futbolçu ilə oyuna çıxan Moldova seçməsi qazanıb.

Yarışın sonunda “Turnirin ən yaxşı jurnalist futbolçusu” nominasiyasının qalibi müəyyən olunub. AİJF-nin və münsiflər heyətinin qərarı ilə bu nominasiya üzrə qalib 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Qazaxıstan komandasının üzvü Adılbek Jakanov seçilib. A.Jakanova Elnur Əşrəfoğlu adına xatirə hədiyyəsi təqdim olunub.

Adılbek Jakanov mükafata görə Azərbaycan tərəfinə xüsusi minnətdarlıq edib.

Xəbər 418 dəfə oxundu.