Güləşçilərimiz U-23 dünya çempionatında çıxış edəcəklər
Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, mundialda ölkəmizi hər 3 güləş növü üzrə millilərimiz təmsil edəcək. Artıq yığmalarımız məsul yarışın hazırlıqlarına start verib.

Sərbəst güləşçilər dünya çempionatına daha yaxşı hazırlaşmaq üçün Dağıstana yollanıblar. Komandamız baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Xasavyurtda yerli güləşçilərlə birgə təlim-məşq toplanışı keçir. Millimiz yarışın startınadək Dağıstanda hazırlıq prosesini davam etdirəcək.

Yunan-Roma və qadın güləşi üzrə yığmalarımız məşqləri Bakıda keçirlər. Hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində təşkil olunub.

Qeyd edək ki, yarışın ilk günlərində güləşin klassik növü üzrə mübarizə baş tutacaq. Daha sonra qadın güləşçilər xalça üzərinə çıxacaqlar. Çempionatın son günlərində isə sərbəst güləşçilər çıxış edəcəklər.

Xəbər 372 dəfə oxundu.