Gənclər və İdman Nazirliyində fudokan üzrə 25-ci Avropa çempionatının qalib və mükafatçıları ilə görüş olub
Polşanın Katovis şəhərində keçirilən fudokan üzrə 25-ci Avropa çempionatının qalib və mükafatçıları, Dünya Fudokan Federasiyasının (DFF) Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəliyinin üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş olub.

Görüşdə nazir müavini İsmayıl İsmayılov və nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov qalib və mükafatçıları təbrik ediblər.

Söhbət zamanı ölkəmizdə fudokanın inkişaf etdirilməsi ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi və bu idman növünün təbliğinə dair müzakirələr aparılıb.

DFF-nin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə və nümayəndəliyin vitse-prezidenti, Fəxri bədən tərbiyəsi və idman işçisi Aqil Gözəlov Dünya Fudokan Federasiyası tərəfindən verilən fudokan üzrə 25-ci Avropa çempionatının xatirə medalını və Azərbaycan komandasının qazandığı uğurlara görə təşəkkür diplomunu İsmayıl İsmayılova və Fərid Mansurova təqdim ediblər.

Xatırladaq ki, fudokan üzrə 25-ci Avropa çempionatında şəxsi döyüşlərdə təmsilçilərimiz Elməddin Səlimli (uşaqlar arasında) qızıl, Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar. Böyüklərin yarışında Ülvi Məmmədovun kapitanı olduğu komandamız isə üçüncü yeri tutub.

Xəbər 386 dəfə oxundu.