BP şirkətinin Milli Olimpiya və Paralimpiya komitələri ilə əməkdaşlığının on illik yubileyinə həsr edilmiş tədbir keçirilib | |
Oktyabrın 12-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında BP şirkətinin MOK və Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə əməkdaşlığının 10 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AMPK-nin prezidenti İlqar Rəhimov və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons, olimpiyaçılar və paralimpiyaçılar iştirak ediblər. Tədbirdə çıxış edən Çingiz Hüseynzadə dünyanın ən böyük enerji təchizatçılarından olan BP şirkəti ilə əməkdaşlığın Londonun ev sahibliyi etdiyi XXX Yay Olimpiya və XIV Yay Paralimpiya oyunları ərəfəsində başlandığını bildirib. Diqqətə çatdırılıb ki, ötən 10 il BP şirkətinin təkcə Olimpiya və Paralimpiya komitələri, həmçinin olimpiyaçı və paralimpiyaçılar üçün sponsorluğu ilə deyil, həm də bir sıra mühüm əməkdaşlıq layihələri ilə diqqəti cəlb edir: “BP şirkəti ilə əməkdaşlıq yüksək səviyyədə davam edir. Ümid edirik ki, bu əməkdaşlıq bundan sonra daha da güclənəcək. Qabaqcıl idmançılarımız BP-nin təqaüdlərini alırlar. Bu əməkdaşlıq təkcə BP ilə MOK arasında deyil, həm də ölkələrimiz arasında davam edir”. Çingiz Hüseynzadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən ruhlanan idmançılarımızın Tokio Yay Olimpiya və Paralimpiya oyunlarında yüksək nəticələr qazandıqlarını vurğulayıb. AMPK-nin prezidenti İlham Rəhimov BP şirkəti ilə on ildən artıq müddətdə əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirildiyini bildirib. O, 2019-cu ildə keçirilən “Yenilməzlər” adlı beynəlxalq qala tədbirində fiziki məhdudiyyətli insanların həyat hekayələrinin kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim edərək uğur yolunu göstərməyə çalışdıqlarını qeyd edib. Diqqətə çatdırıb ki, BP şirkəti bu böyük tədbirin, eləcə də bir sıra yarışların təşkilinə böyük dəstək verib. Müxtəlif idman yarışlarının, xüsusilə beynəlxalq turnirlərin, Qran-prilərin, Uşaq Paralimpiya Oyunlarının keçirilməsində BP bizə böyük dəstək verib. Azərbaycan dövlətinin ölkəmizdə Paralimpiya hərəkatının inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərdiyini vurğulayan İ.Rəhimov biznes qurumlarının komitənin layihələrində yaxından iştirak edərək idmanın inkişafına dəstək vermələrinin önəmini vurğulayıb. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons komandamızın Tokio Paralimpiadasında tarixi nəticə qazandığını vurğulayaraq deyib: “Paralimpiya Oyunlarında 19 medal qazanan Azərbaycan idmançılarının tarixi nəticə əldə edərək 163 ölkə arasında ilk 10-luğa daxil olması möhtəşəm nailiyyətdir. Ötən illər ərzində ən vacib idman tədbirlərində - “London-2012”, “Bakı-2015”, “Rio-2016”, “Bakı-2017”, nəhayət, “Tokio-2020”də bir yerdə olduq, birgə fəaliyyət göstərdik. Səfir idmançıların arxasında dayanmaq və onların Azərbaycan uğrunda necə yarışdıqlarının şahidi olmaq bizim üçün şərəf idi”. Sonra idmançılar Oloxan Musayev, Hacı Əliyev və digərləri çıxış edərək pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycan komandasının Olimpiya və Paralimpiya oyunlarında uğurla çıxış etdiklərini bildiriblər. Daha sonra BP şirkətinin MOK və AMPK ilə əməkdaşlığının 10 illik yubileyi münasibətilə idman ictimaiyyətinin nümayəndələrinə, olimpiyaçılara və paralimpiyaçılara xüsusi hədiyyələr təqdim edilib. |
|
Xəbər 353 dəfə oxundu. |
|
|