Dünya kuboku: Yeniyetmə şahmatçılarımız uğurlu çıxışlarını davam etdirirlər
Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışlarının seçmə mərhələsi davam edir.

10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.

Dünya kubokunda artıq 18, 16 yaşlı oğlanlar, 12 yaşlı qızlar arasında seçmə yarışında iki turun oyunları keçirilib. Təmsilçilərimiz Aydın Süleymanlı, Vüqar Manafov 18, Xəzər Babazadə, Şiroğlan Talıbov, Sadiq Qarayev 16 yaşlılar arasında keçirilən hər iki turda uğurla çıxış edərək maksimum xal qazanıblar. Ayan Hüseynli, Xanım İsmayılova isə 12 yaşlı qızların yarışında hər iki turu qələbə ilə başa vurublar.

Artıq 10, 12 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışları yekunlaşıb. On yaşlı oğlanların seçmə yarışında Xaqan Əhməd, on iki yaşlıların seçmə yarışında isə təmsilçimiz Cahandar Azadəliyev birinci yeri tutublar.

On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır.

Avqustun 26-dan 31-dək dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.

Xəbər 371 dəfə oxundu.