Tokio Olimpiadasında uğurla çıxış edən Azərbaycan karateçiləri Vətənə qayıdıblar
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan karateçiləri avqustun 9-da Vətənə qayıdıblar.

Olimpiya Oyunları tarixində ilk dəfə Tokio Olimpiadasında keçirilən karate yarışlarında uğurla iştirak edən idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar.

Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar.

Digər gümüş medalı ölkəmizin aktivinə sərbəst güləşçi Hacı Əliyev (65 kq) yazdırıb. Yunan Roma-güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar.

Komandamızın digər bürünc medallarını cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) qazanıblar.

Azərbaycanın Olimpiya komandası medalların sayına görə 33-cü, əyarına görə isə 67-ci sırada qərarlaşıb.

Xəbər 409 dəfə oxundu.