Azərbaycan gimnastı Zöhrə Ağamirova Tokio Olimpiadasını medalsız başa vurub | |
Yaponiyada keçirilən 32-ci Yay Olimpiya Oyunları çərçivəsində avqustun 6-da bədii gimnastika üzrə yarışlar start götürüb. Fərdi gimnastların təsnifat yarışlarında Yay Universiadasının ikiqat gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı olan Zöhrə Ağamirova da iştirak edib. Fərqli üslubu, sadə, eyni zamanda zərif yarış geyimi ilə fərqlənən gimnastımız “Ariake Arena”dakı çıxışı ilə inamlı təsir bağışlayıb. İlk iki alətlə proqramını rahat və özünə əmin şəkildə yerinə yetirən gimnastımız, təəssüf ki, növbəti iki alətlə çıxışlarında kiçik səhvlərə yol verib. Nəticədə, o həmin proqramlar üzrə hakimlərdən daha az qiymət alıb və finala adlamaq şansını itirib. Çoxnövçülük üzrə keçirilmiş təsnifat yarışlarında Z.Ağamirova 18-ci yerdə qərarlaşıb. Qeyd edək ki, 19 yaşlı Z.Ağamirova Azərbaycan gimnastika tarixində Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda iştirak etmiş ilk azərbaycanlı idmançıdır. |
|
Xəbər 410 dəfə oxundu. |
|
|