London 2012: boks yarışında finalçıların adlarına aydınlıq gələcək
Bu gün London Olimpiadasının boks yarışında finalçıların adlarına aydınlıq gələcək. Həlledici döyüşə yüksəlmək uğrunda 2 Azərbaycan idmançısı – Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov da rinqə çıxacaq. Yarımfinalda iştirakla bürünc medalı özlərinə təmin edən hər 2 boksçumuz bu dəfə onun əyarını daha da artırmaq arzusundadır.

91 kq
İlk 2 döyüşündə Tapu Opetaya Caya (Avstraliya) və Sergey Korneyevə (Belarus) qalib gələn Məmmədov dünya çempionatında olduğu kimi, Olimpiadada da ən azı yarımfinala vəsiqə qazanmaq arzusundadır. Məmmədov istəyini həyata keçirmək üçün 1/2 finalda italiyalı Klemente Russo ilə döyüşəcək. Görüş saat 19:45-də başlayacaq.

+91 kq
Ən ağır çəkili boksçumuz Məcidov Azərbaycanın dünya çempionatından sonra Olimpiadada himnini səsləndirməyi istəyir. Bunun üçün öncə finala gedən yolda italiyalı Roberto Kammarellinin gücünü yoxlayacaq. Londonda daha öncə Meji Muanbanı (Konqo) və Məhəmməd Ömərovu (Rusiya) mübarizədən kənarlaşdıran Məhəmmədrəsul üçüncü rəqibinə də yerini göstərmək üçün yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə saat 02:30) rinqə çıxacaq.

Qeyd edək ki, boksçularımız finala yüksələcəyi halda, Azərbaycan Olimpiada tarixində ilkə imza atacaqlar. Çünki yığmamızın üzvləri indiyə qədər Olimpiya Oyunlarında 4 dəfə yarımfinala yüksəlsələr də, hamısında bürünc medalla kifayətləniblər. Londonda qızıl və ya gümüş medal tarixi zəfər hesab olunacaq.

Xəbər 1301 dəfə oxundu.