Azərbaycan karateçiləri XXXII Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Tokioya yola düşüblər | |
Azərbaycan karateçiləri XXXII Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Tokioya yola düşüblər. Bakıdan yola düşən Firdovsi Fərzəliyev və Rafael Ağayevə İstanbulda İrina Zaretska da qoşulacaq. Tokio Olimpiadasının kumite yarışlarında F.Fərzəliyev (67 kq) və R.Ağayevi (75 kq) baş məşqçi Qurban Tağıyev, İ.Zaretskanı (61 kq) isə Denis Morozov müşayiət edəcək. Avqustun 5-7-də Nippon Budokan mərkəzində keçiriləcək yarışların birinci günündə F.Fərzəliyev yarışa qatılacaq. Ertəsi gün R.Ağayev, avqustun 7-də isə İrina Zaretska mübarizəyə qoşulacaqlar. Beynəlxalq dərəcəli hakim Cahangir Babayev Olimpiadanın karate yarışlarının idarə olunmasında iştirak edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyasının (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyasının (EKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov da Tokioda idmançılarımızla bir yerdə olacaq. Qeyd edək ki, Olimpiadanın proqramına ilk dəfə daxil edilən karate yarışları kumite üzrə birləşdirilmiş 6 çəki dərəcəsi (3 kişi və 3 qadınlar) və kata çıxışlarından (kişi və qadınlar) ibarət olacaq. Hər çəki dərəcəsi və kata nümayişində 10 idmançı 2 qrupda çıxış edəcək. Qruplardan iki ən yüksək nəticə göstərən karateçi yarımfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda mübarizə aparacaqlar. “Tokio-2020” Olimpiadasında 34 ölkəni təmsil edən 82 karateçi mübarizə aparacaq. |
|
Xəbər 390 dəfə oxundu. |
|
|