Gürcüstanı “Tokio-2020”də 35 idmançı təmsil edəcək | |
Gürcüstanı XXXII Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların tam siyahısı açıqlanıb. Qonşu ölkə “Tokio – 2020”də 11 idman növü üzrə 35 idmançı ilə iştirak edəcək. Siyahıda soydaşımız 22 yaşlı boksçu Sahil Allahverdiyev də yer alıb. O, 52 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. Bu gün Tbilisidə olimpiya və paralimpiya oyunlarında iştirak edəcək heyətin yolasalma mərasimi keçirilib. Tədbirdə çıxış edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, hökumətin qərarı ilə qızıl medal qazanacaq idmançılara milyon lari (541 min AZN) mükafat veriləcək. İdmançılara qələbə və uğurlar arzulayan hökumət başçısı olimpiadada Gürcüstan himninin dəfələrlə səsləndiriləcəyinə əminlik ifadə edib. Gürcüstanın Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov komandada çoxlu təcrübəli və titullu idmançıların olduğunu deyib. Onun sözlərinə görə, komandanın əvvəlki olimpiadanın nəticələrini yaxşılaşdırması üçün bütün resurs və imkanları var. Mərasimə prezident Salome Zurabişvili, parlament sədri Kaxa Kuçava və digər rəsmi şəxslər də qatılıb. Qeyd edək ki, olimpiada 23 iyul - 8 avqust tarixlərində keçiriləcək. |
|
Xəbər 388 dəfə oxundu. |
|
|