Bakı Olimpiya Stadionunda keçirilən Çexiya-Danimarka matçının birinci hissəsi başa çatıb | |
Futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Çexiya-Danimarka matçının birinci hissəsi başa çatıb. Niderlandlı baş hakim Byörn Kuipersin idarə etdiyi oyuna Danimarka millisi daha fəal başlayıb. Skandinaviya təmsilçisi istəyinə oyunun 5-ci dəqiqəsində çatıb. Belə ki, danimarkalı futbolçu Tomas Delaney fərqlənərək “Avro-2020”də ilk qolunu vurub. Matçın 42-ci dəqiqəsində Danimarka millisi hesab arasındakı fərqi artırıb. Kasper Dolberq komandasının ikinci qolunun müəllifi olub. Bu, K.Dolberqin “Avro-2020”də vurduğu üçüncü qoldur. Beləliklə, görüşün birinci hissəsi Danimarka seçməsinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu oyunda mərhələ keçən komanda yarımfinalda İngiltərə-Ukrayna qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Romadakı “Olimpiko” stadionunda baş tutacaq İngiltərə-Ukrayna oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı (2:0), Ukrayna isə İsveçi üstələyib – 2:1. “Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək. Birinci yarımfinal matçında İtaliya və İspaniya komandaları qarşılaşacaqlar. |
|
Xəbər 394 dəfə oxundu. |
|
|