Danimarkada 800-dən çox azarkeş bu ölkənin futbol üzrə yığma komandasının Bakıda keçiriləcək oyununa bilet alıb
Danimarkada 800-dən çox azarkeş bu ölkənin futbol üzrə yığma komandasının Bakıda keçiriləcək oyununa bilet alıb.

İyulun 3-də Bakıda Avro-2020 çempionatının 1/8 finalı çərçivəsində Danimarkanın futbol üzrə yığma komandası ilə Çexiya Respublikasının yığması arasında matç keçirəcək. Koronavirusla bağlı müxtəlif məhdudiyyətlərə baxmayaraq həmin gün ən azı 800 azarkeş Danimarka yığmasını dəstəkləmək üçün Bakıya gələcək.

Danimarka fanatlar ittifaqının əlaqələndiricisi Anders Xaqen jurnalistlərə müsahibəsində deyib: “Bizim azarkeşlər və turist şirkətləri bu oyuna çox böyük maraq göstərirlər. Qarşıdakı oyunu 2019-cu ildə Azərbaycanla qonşu Gürcüstanda Danimarka yığmasının oyunu ilə müqayisə etmək olar”.

Xaqenin sözlərinə görə, onların ittifaqı həmin matçda azı 800 azarkeşin olacağını gözləyir. O deyib: “Biz bunu əsas götürürük ki, neçə Danimarka vətəndaşı həmin matçın keçiriləcəyi yerə çarter reyslərinə aviabilet alıblar. Lakin şənbə günü Bakı Olimpiya stadionunda əyləşəcək danimarkalı azarkeşlərin real sayı daha çox ola bilər”.

Qeyd edək ki, UEFA danimarkalı azarkeşlərə yalnız 2500 bilet satılacağını elan edib. Adətən 70 min insanın yerləşdiyi Bakı Olimpiya stadionuna bu dəfə 33 min adam buraxılacaq.

AZƏRTAC

Xəbər 447 dəfə oxundu.