London Olimpiadasında çıxış edən Kamerun yığmasının 7 üzvü itkin düşüblər
London Olimpiadasında çıxış edən Kamerun yığmasının 7 üzvü itkin düşüblər. Onlar Olimpiya kəndindən yoxa çıxıblar. Bu informasiyanı Kamerun nümayəndə heyətinin rəhbəri Devid Oconq təsdiq edib: “Şayiələr həqiqət çıxdı. London Olimpiadasında çıxış edən 7 kamerunlu idmançı Olimpiya kəndində itiblər”.

İlkin olaraq yığmanın düşərgəsindən qadın yığmasının 25 yaşlı ehtiyat qapıçısı Druzil Nqako gedib. O, komandası Yeni Zelandiya yığması ilə son məşq üçün Koventriyə gedəndə qaçıb. İlk 2 matçda oynamayan qapıçı 3-cü matça da sifariş olunmamışdı. Futbolçudan sonra Kamerunu üzgüçülükdə təmsil edən 2 idmançıdan biri – 21 yaşlı Pol Ekane Edinqe qaçıb. Ardından 5 boksçu – Tomas Essomba, Kristian Donfak Acufak, Abdon Mevoli, Bleyz Epmu Menduo və Serj Ambomo yoxa çıxıb. Onlar artıq London Olimpiadasında çıxışını başa vurublar.

Hazırda insidentlə bağlı araşdırma gedir. İlk ehtimal belədir ki, idmançılar Böyük Britaniyada qalmağı, yaxud başqa Avropa ölkəsinə yollanmağı iqtisadi səbəblərdən qərara alıblar. Digər versiya isə onların görməli yerlərə baxmaq, yaxud dostlarına baş çəkmək üçün gedərkən itkin düşmələridir. Buna görə də nazirlikdə hələ nəticə çıxartmağa tələsmirlər. Üstəlik, Böyük Britaniyadan hələ heç kim siyasi sığınacaq istəməyib. Olimpiyaçıların vizalarının müddəti bu ilin noyabrın sonuna kimidir. Buna görə də onlar qaçışları ilə hələ ki qanun pozmayıblar.

Xəbər 1213 dəfə oxundu.