Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
Bu gün futbol üzrə “Avro-2020”nin bütün səkkizdəbir finalçıları müəyyənləşəcək.

Qrup mərhələsinin sonuncu oyun günündə 4 qarşılaşma təşkil olunacaq.

E qrupunda Polşa millisi İsveçlə, Slovakiya yığması isə İspaniya ilə üz-üzə gələcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionunda oynanılacaq İsveç-Polşa matçını ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Hazırda 4 xalla ilk pillədə yer alan İsveç millisinin qrupdan çıxması dəqiqləşib. Bu mənada görüş onlar üçün formal xarakter daşıyacaq. Bir xalla sonuncu sırada qərarlaşan Polşa komandası isə növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır.

Sevilyadakı “Estadio La Cartuja” stadionunda keçiriləcək Slovakiya - İspaniya görüşünün baş hakimi isə niderlandlı Byörn Kuypers olacaq. Üç xalla ikinci sırada olan Slovakiya millisi səkkizdəbir finala çıxmaq üçün heç-heçə kifayət edəcək. İki xalı olan İspaniya yığmasına isə qələbə lazımdır. Luis Enrikenin baş məşqçi olduğu kollektiv bərabərlik sayəsində də (ən yaxşı 3-cü yerin sahibi kimi) qrupdan çıxa bilər. Lakin bunun üçün İsveç yığması Polşaya uduzmamalıdır.

Futbolsevərlər F qrupunda da kifayət qədər maraqlı mübarizəyə şahidlik edəcəklər. Pley-offa vəsiqəni təmin edən Fransa millisi Portuqaliya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da gerçəkləşəcək oyunu ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edəcək. Qrupun digər matçında isə Almaniya və Macarıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşün baş hakimi Bundestim bu görüşdə rəqibinə uduzmasa, Portuqaliya isə Fransa ilə matçda heç-heçəyə nail ola bilsə, hər iki komanda pley-offa yüksələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər 339 dəfə oxundu.