FHN-nin əməkdaşı daha bir uğura imza atıb
İyunun 12-14-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman sarayında açıq hava şəraitində Stronqmen güc yarışması üzrə Azərbaycan çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışda rekord nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ölkənin ən güclülərinin müəyyənləşdiyi yarışda, Rövşən Xəlilov 80 kq çəki dərəcəsində Stronqmen idman növü üzrə Log lift, Deadlift (340 kq rekord ) və 2 tondan çox ağırlığı olan maşınıdartma hərəkətində (22 saniyə) 1-ci yerə layiq görülüb. O, öz qələbəsini hərbi salam ilə qeyd edərək, bu uğuru şəhidlərimizə, qazilərimizə və bütün hərbçilərimizə həsr edib.

İyunun 17-də FHN-nin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev idmançını qəbul edib və onu qazandığı naliyyətə görə mükafatlandırıb.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı 3 qat Avropa və 4 qat Dünya çempionu, fəxri idman ustasıdır

Xəbər 592 dəfə oxundu.