Avropa çempionatının açılış matçı İtaliya millisinin qələbəsi ilə başa çatıb | |
İtaliyanın paytaxtı Romadakı “Olimpiko” stadionunda Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı başa çatıb. Romadakı “Olimpiko” stadionunda keçirilən qarşılaşma İtaliya seçməsinin qələbəsi ilə başa çatıb - 3:0. Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Buna baxmayaraq komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. Fasilədən sonra hücumlara davam edən İtaliya millisi matçın 53-cü dəqiqəsində hesabı açıb. Domeniko Berardinin cinah ötürməsindən sonra Merih Demiral topu öz qapısına göndərib. Qoldan sonra oyuna daha inamlı davam edən italyanlar qarşılaşmanın 66-cı dəqiqəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Türkiyə millisinin cərimə meydançasında qarışıqlıqdan istifadə edən Çiro İmmobile rəqibin qapısına ikinci qolu vurub. Matçın 79-cu dəqiqəsində İtaliya millisi rəqibi üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. Uğurcan Çakırın kobud səhvindən sonra Lorentso İnsinya fərqlənib. Qalan dəqiqələr hər iki komandanın qarşılıqlı hücumları ilə keçsə də hesab dəyişilməyib. A qrupunun digər görüşü iyunun 12-də İsveçrə və Uels komandaları arasında olacaq. Həmin görüş Bakı Olimpiya Stadionunda baş tutacaq. Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar. |
|
Xəbər 388 dəfə oxundu. |
|
|