Azərbaycan “Tokio-2020”nin boks yarışlarında qazanılan lisenziyaların sayına görə Avropada üçüncü olub | |
Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya təsnifat turnirində uğurla çıxış edib. Turnirdə qazanılan lisenziyaların sayına görə, komandamız ümumi hesabda üçüncü yeri tutub. Yarışda “Tokio-2020”yə beş vəsiqə qazanan yığmamız yalnız Böyük Britaniya və Rusiya Olimpiya Komitəsindən geri qalıb. Bu ölkələrin hər biri 7 lisenziya qazanıb. Ötən il Londonda başlayan və koronavirus pandemiyası səbəbindən dayandırılan, bu il Parisdə davam etdirilən yarışda ümumilikdə 8 çəki dərəcəsində (kişilər) 50 vəsiqə sahibini tapıb. Ümumilikdə isə turnirdə 18 ölkənin boksçuları “Tokio-2020”yə vəsiqə əldə ediblər. Dünya Olimpiya təsnifat turniri isə ləğv olunduğundan 32 lisenziya reytinqə əsasən veriləcək. Qeyd edək ki, Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) Olimpiadada iştirak hüququ qazanıblar. |
|
Xəbər 408 dəfə oxundu. |
|
|