Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb | |
İyulun 5-də Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə Formula 2 yarışları ilə start verilib. Formula 2 üzrə birinci sprint yürüşündə hər biri iki pilotla təmsil olunan 11 komanda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Prema Racing” komandasının rusiyalı pilotu Robert Şvartsman birinci olub. “Carlin”in üzvü Dan Tiktum yarışı ikinci, “UNİ-Virtuosi” komandasının pilotu Guanyu Zhou isə üçüncü pillədə başa vurublar. Daha sonra Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü keçirilib. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışıblar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyublar. Üçüncü yürüşdə “Alpha Tauri” komandasının pilotu Pyer Qasli fərqlənməyi bacarıb. Serxio Peres (“Red Bull Racing”) ikinci, Luis Hamilton (“Mercedes”) isə üçüncü olublar. Gərgin idman mübarizəsinin yaşandığı Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda bir neçə qəza baş verib. Belə ki, “Aston Martin” komandasının pilotu Lans Stroll 15-ci döngədən çıxarkən bolidi səddə çırpılıb. Təkəri zədələnən kanadalı pilotun bolidi yararsız hala düşüb. Növbəti qəza da 15-ci döngədə baş verib. Bu dəfə “Alfa Romeo”nun üzvü Antonio Covinatsi sürəti tənzimləyə bilməyərək qoruyucu sədlə toqquşub. Sıralama turunda “Ferrari” və “Mercedes” komandalarının pilotları Şarl Lekler və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. Ş.Lekler 1 dəqiqə 41,218, L.Hamilton isə 1 dəqiqə 41,450 saniyəlik nəticə göstəriblər. “Red Bull Racing”in pilotu Maks Ferstappen (1 dəqiqə 41,563 saniyə) üçüncü yerdə qərarlaşıb. Bu turun nəticələrinə əsasən, iyunun 6-da keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə sprint yürüşü ilə yekun vurulub. İkinci sprint yürüşünün qalibi “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips olub. “Charouz Racing System”in üzvü David Bekmann yarışı ikinci, Cehan Daruvala (“Carlin”) isə üçüncü sırada tamamlayıblar. İyunun 6-da – Formula 1 Azərbaycan Qran-Prisinin həlledici günündə əvvəlcə Formula 2 pilotları üçüncü sprint yarışında mübarizə aparacaqlar. Günə 51 dövrədən ibarət Formula 1 Azərbaycan Qran-Prisi ilə yekun vurulacaq. Xatırladaq ki, Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilmişdi. |
|
Xəbər 417 dəfə oxundu. |
|
|