Formula 1 Azərbaycan Qran-Prisinin birinci gününə yekun vurulub | |
İyunun 4-də Bakıda Formula 1 üzrə dünya çempionatının altıncı – Azərbaycan Qran-Pri yarışlarına start verilib. 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Yarış həftəsonuna Formula 2 üzrə sərbəst yürüşlə start verilib. Yürüşdə hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Qırx beş dəqiqə davam edən yarışda “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Jüri Vips bütün rəqiblərini üstələyərək birinci olub. “Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, “Art Grand Prix”un sürücüsü Theo Pourçaire isə üçüncü yerdə başa vurublar. Daha sonra Formula 2 yarışının sıralanma turu keçirilib. “Hitech Grand Prix” komandasının pilotu Liam Layson sıralama turunun qalibi olub. L.Laysonun komanda yoldaşı Jüri Vips ikinci, “Prema Racing” komandasının pilotu Oskar Piastri isə üçüncü yeri tutublar. İyunun 5-də saat 11:25-də Formula 2-də birinci, saat 17:40-da isə ikinci yarış keçiriləcək. Hər iki yarışda pilotlar 21 dövrə vuracaqlar. Üçüncü yarış isə iyunun 6-da saat 12:45-də start götürəcək. Bu dəfə pilotlar 29 dövrədən ibarət yarışda güclərini sınayacaqlar. Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nəticəsinə görə, pilotların sıralamasına “UNİ-Virtuosi” komandasının çinli üzvü Guanyu Zhou 68 xalla başçılıq edir. Komandaların sıralamasında isə “Uni-Virtuosi” 97 xalla birincidir. İlk yarış günündə Formula 1 Azərbaycan Qran-Prisinin birinci və ikinci sərbəst yürüşləri təşkil olunub. Yürüşlərə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışıblar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Birinci sərbəst yürüşü “Red Bull Racing”in pilotu Maks Ferstappen lider kimi tamamlayıb. “Ferrari”nin üzvləri Şarl Lekler ikinci, Karlos Sayns isə üçüncü olublar. İkinci sərbəst yürüşdə isə “Red Bull Racing”in pilotları – Serxio Peres və Maks Ferstappen ilk iki pillədə yer alıblar. İlk üçlüyü “Ferrari”nin üzvü Karlos Sayns qapayıb. İyunun 5-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Ertəsi gün isə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək. Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilmişdi. Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər. Layihənin müəllifi bütün müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir. Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. |
|
Xəbər 387 dəfə oxundu. |
|
|