Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb
İyunun 4-də saat 16:00-da Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb.

Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.

Birinci sərbəst yürüşü “Red Bull Racing”in pilotu Maks Ferstappen lider kimi tamamlayıb. “Ferrari”nin üzvləri Şarl Lekler ikinci, Karlos Sayns isə üçüncü olublar.

İyunun 5-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Ertəsi gün isə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilmişdi.

Xəbər 391 dəfə oxundu.