Canni De Byazi: Əminəm ki, doğru yoldayıq və inkişaf edirik
Rəqib baş məşqçiyə bizim haqqımızda söylədiyi ifadələrə görə təşəkkür edirəm. Oyunlarda nəticə əldə edəndə daha çox sevinirəm. DÇ-2022-nin seçmə mərhələsində və Türkiyəyə qarşı yoldaşlıq oyununda pis çıxış etmədik. Nəticə qazanmaq üçün nə isə çatmırdı.

Bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belarus yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

Altmış beş yaşlı mütəxəssis bildirib ki, qarşılaşmalarda daha diqqətli olmalıdırlar: "Əminəm ki, doğru yoldayıq və inkişaf edirik. Sabah üz-üzə gələcəyimiz Belarus yığmasının yeni baş məşqçisi var. Onlar gənc kollektivdir. Sonuncu oyunda Belçikaya böyük hesabla uduzublar. Hansı ki, həmin komanda FIFA reytinqində ilk sıradadır. Belarus yığmasında yaxşı və keyfiyyətli futbolçular var. Onlar da FIFA reytinqində bizdən təxminən 40 pillə öndədirlər".

İtaliyalı baş məşqçi futbolçuların durumu haqqında bunları diqqətə çatdırıb: "Demək olar ki, Türkiyə yığması ilə oyundakı heyət sabah meydanda olacaq. Bir az dəyişikliklər edəcəyik. Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil. Sabah meydana çıxmayacaqlar. Onları Moldova ilə matça hazır etməyə çalışırıq. Belarusla matç üçün yaxşı enerji toplamışıq".

De Byazi rəqib haqqında çox məlumatlarının olmadığını deyib: "Belarus komandasını az tanıyırıq. Yeni baş məşqçiləri və oyunçuları var. Bu isə bizim işimizi bir az çətinləşdirir".

Mütəxəssis martda 3 görüş keçirdikərini xatırladıb: "Oyunlarımız pis alınmadı. Portuqaliyaya qarşı ikinci hissədə yaxşı oyun göstərə bildik. Baxmayaraq ki, çox güclü rəqibə qarşı oynadıq. Serbiya ilə oyunda isə böyük səhv etdik. Bu isə bizə baha-başa gəldi. Qətərlə yoldaşlıq görüşündə isə yeni futbolçulara şans verdik. İlk yarıda yaxşı təsir bağışladıq. İkinci hissədə isə fiziki baxımdan güclü komandaya qarşı oynadığımız üçün bir az çatdıra bilmədik və məğlub olduq".

Qeyd edək ki, iyunun 2-də Minskdəki "Dinamo" stadionunda keçiriləcək Belarus - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AZƏRTAC

Xəbər 428 dəfə oxundu.