Boksçularımız Avropa Olimpiya təsnifat turnirində iştirak etmək üçün Fransaya yola düşüblər
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Avropa Olimpiya təsnifat turnirinə hazırlığı başa vurub.

Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığma artıq yarışın keçiriləcəyi Fransaya yollanıb. İyunun 4-8-də Parisdə təşkil olunacaq turnirdə iki qadın idmançımız qüvvəsini sınayacaq. Tokio Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Həmçinin ölkə xaricində təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komandamız da təsnifat turnirində iştirak etmək üçün Fransaya yola düşüb.

Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də Londonda başlamışdı. Lakin yarış üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılmışdı. Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq) dörddəbir finala yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıb. Cavid Çələbiyev (63 kq) və Lorenzo Sotomayor (69 kq) turnirdə çıxışlarını səkkizdəbir finaldan davam etdirəcəklər. Alfonso Dominqes (91 kq) və Məhəmməd Abdullayev (+91 kq), həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) Londondakı turnirdə rinqə çıxmayıblar.

Xəbər 432 dəfə oxundu.