Tokio Olimpiadasında iştirak edəcək ilk komanda bu gün Yaponiyaya gəlib
Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Avstraliyanın qadınlardan ibarət softbol üzrə yığma komandası təlim-məşq toplantısı üçün bu gün Yaponiyaya gəlib.

Komandanı gətirən təyyarə “Narita” beynəlxalq hava limanında yerə enib. Bu, qarşıdan gələn Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiyaya gələn ilk idmançılar qrupudur.

Avstraliyalı idmançılar və komandanın digər əməkdaşları koronavirusa qarşı ilkin vaksinasiyadan keçiblər. 30 nəfərdən ibarət komandanın 3 gün mehmanxanada qalacağı və iyunun 5-dən məşqlərə başlayacağı bildirilir. İdmançıların yaşayacağı baza Qumma prefekturasının Ota şəhərində yerləşir. Olimpiadaya hazırlıq çərçivəsində komandanın burada 12 oyun keçirəcəyi də qeyd edilir.

Qeyd edək ki, təşkilatçıların apreldə əldə etdiyi razılaşmaya əsasən həm idmançılar, həm də onlarla ünsiyyətdə olan şəxslər gündəlik koronovirus testi verəcəklər. Olimpiadanın digər iştirakçıları isə Yaponiyaya gəldikdən sonra yalnız 3 gün ərzində koronovirus testinə cəlb olunacaqlar. Bundan sonra həmin şəxslərdən test götürülməsi onların kənar şəxslərlə ünsiyyətdə olmasından asılı olacaq.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci ildə keçirilməli idi, lakin koronovirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb. Martda təşkilatçılar əcnəbi azarkeşlərin yarışlara buraxılmaması barədə qərar qəbul ediblər. Yapon tamaşaçılara gəlincə isə bu barədə qərar ölkədə koronovirusla bağlı vəziyyətə nəzərə alınmaq şərti ilə iyunda qəbul ediləcək.

Xəbər 405 dəfə oxundu.