Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək
Mayın 29-da UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün final matçı keçiriləcək.
66-cı dəfə keçirilən qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə iki ingilis klubu – “Mançester Siti” və “Çelsi” üz-üzə gələcəklər. Portu şəhərindəki “Draqao” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı ispaniyalı referi Antonio Miguel Mateu Lahoz idarə edəcək.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın final qarşılaşması üçün start heyətdə Ederson, Uolker, Stones, Ruben Dias, Zinçenko, Bernardo Silva, Fernandinyo, İlkay Gündoğan, Riyad Mahrez, Kevin De Bruyne və Fodenə yer verəcəyi ehtimal olunur.
“Çelsi”nin ilk “on birliyi”nin isə Mendi, Kristensen, Tiaqo Silva, Rüdiger, Sezar Azpiliketa, Jorginho, Kante, Çilvel, Pulişiç, Verner və Mountdan ibarət olması gözlənilir.
Bu matç son əlli ildə komandaların avrokuboklarda ilk qarşılaşmasıdır. Komandalar ilk dəfə bu turnirin 1970-1971-ci il mövsümündə (həmin dövrdə yarış UEFA Kuboklar Kuboku adlandırılırdı) yarımfinalında üz-üzə gəliblər. “Çelsi” hər iki oyunda minimal hesabla qalib gəlib.
Tomas Tuxelin yetirmələri qalib gələrsə, 2012-ci ildən sonra ikinci dəfə UEFA Çempionlar Liqasının kubokunu başları üzərinə qaldıracaqlar. “Mançester Siti” isə qalib gələcəyi təqdirdə bu turnirin çempionu adını qazanmış 23-cü klub olacaq.
“Şəhərlilər” ilk final həyəcanını 1969-1970-ci il mövsümündə yaşayıblar. Komanda həlledici görüşdə Polşanın “Qornik Zabrze” klubunu 2:1 hesabı ilə məğlub edərək qalib adını qazanıb.
“Çelsi” indiyədək iki dəfə - 2008-ci və 2012-ci illərdə UEFA Çempionlar Liqasının finalında çıxış edib. Hər iki oyunda da qalib 11 metrlik cərimə zərbələri seriyası nəticəsində müəyyənləşib. Birinci final görüşündə “Mançester Yunayted”ə uduzan (1:1, pen. 5:6) “Çelsi” dörd il sonra “Bavariya”nı (1:1, pen. 4:3) məğlub edərək ilk çempionluğunu yaşayıb.
Bu matç, həmçinin 2000-ci ildən etibarən eyni ölkənin klubları arasında oynanılan səkkizinci final matçıdır. Belə ki, Çempionlar Liqasının tarixində eyni ölkənin komandaları ilk dəfə 2000-ci ildə qarşılaşıb. Həmin görüşdə “Real Madrid” komandası “Valensiya”nın qapısından üç cavabsız top keçirmişdi. “Kral klubu” daha sonra iki dəfə - 2014-cü və 2016-cı illərdə finalda “Atletiko Madrid”ə qalib gəlib. 2003-cü ildə “Milan” komandası “Yuventus”u, 2008-ci ildə “Mançester Yunayted” klubu “Çelsi”ni, beş il sonra “Bavariya” komandası “Borussiya Dortmund”u məğlubiyyətə uğradaraq çempion adını qazanıblar. 2019-cu ildə isə “Liverpul” finalda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.
Xosep Qvardiola “Barselona”nın çalışdırıcısı kimi 2009-cu və 2011-ci illərdə UEFA Çempionlar Liqasının qalibi olub. Onun komandası bu görüşdə də qələbə qazanacağı təqdirdə, təcrübəli baş məşqçi iki fərqli komandada bu kuboka sahib olan altıncı çalışdırıcı kimi tarixə düşəcək. Daha əvvəl Ernst Happel, Otmar Hitzfeld, Joze Mourinyo, Yupp Heynkes və Karlo Ançelotti bu uğura nail olublar.
Tomas Tuxel ötən mövsüm “Paris Sen-Jermen”in sükanı arxasında finala vəsiqə qazansa da, komandası “Bavariya”ya minimal hesabla məğlub olub. O, ardıcıl iki mövsümdə müxtəlif komandalarla finalda çıxış etmiş ilk baş məşqçidir.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılsa da, COVID-19 pandemiyası ilə əlaqədar görüşün Portuda oynanılması qərara alınıb. Pandemiya ilə əlaqədar stadionun tamaşaçı tutumunun 33 faizi – 16,5 min azarkeş görüşü arenadan izləmək imkanına sahib olacaq. Komandaların hər birinin azarkeşləri üçün 6 min bilet nəzərdə tutulub.

 


Xəbər 483 dəfə oxundu.