Toşimitsu Moteqi: Dövlət Departamentinin tövsiyəsi ABŞ yığmasının Olimpiadaya qatılmasına təsir etməyəcək
ABŞ Dövlət Departamentinin amerikalılara pandemiya ilə əlaqədar Yaponiyaya səfər etməmək barədə tövsiyəsi bu ölkənin idmançılarının Tokio Olimpiadasına qatılmasına təsir etməyəcək.

Kyodo agentliyi xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi mayın 25-də parlamentdə keçirilən müzakirələr zamanı bəyan edib.

“Bizim ABŞ hökumətindən aldığımız izahat təsdiq edir ki, həmin tövsiyə ABŞ yığmasının səfərinə təsir etməyəcək”, - deyə nazir bildirib.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiya və Paralimpiya Oyunları koronovirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb və yarışların cari il iyulun 23-dən sentyabrın 5-dək təşkil edilməsi planlaşdırılır. Martın 20-də təşkilatçılar Oyunları əcnəbi azarkeşlər olmadan keçirmək barədə qərar qəbul ediblər. Yapon tamaşaçıların yarışlara buraxılması barədə qərar isə, iyunda ölkədə koronovirusla bağlı vəziyyət nəzərə alınaraq qəbul ediləcək.

AZƏRTAC

Xəbər 397 dəfə oxundu.