Şahmat üzrə Qran-Pri turnirində Günay Məmmədzadə məğlubiyyətsiz irəliləyir
Mayın 24-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin üçüncü turunun oyunları keçirilib.

Yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə məğlubiyyətsiz irəliləyir. Şahmatçımız üçüncü turda qara fiqurlarla turnir cədvəlinin lideri qazaxıstanlı Jansaya Abdumalikə qarşı mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Şahmatçımız ötən üç turun nəticəsinə görə, liderdən yarım xal geri qalaraq 2 xalla 3-5-ci yerləri bölüşür.

Turun digər oyunlarında rusiyalı şahmatçılar Katerina Laqno həmyerlisi Valentina Qunina, Alina Kaşlinskaya ukraynalı Anna Muzıçuk, rumıniyalı İrina Bulmaqa bolqarıstanlı Antoaneta Stefanova, gürcüstanlı Nana Dzaqnidze Qazaxıstan şahmatçısı Dinara Saduakassova üzərində qələbə qazanıb. Ukraynanın daha bir təmsilçisi Mariya Muzıçuk ilə almaniyalı Elisabet Paetsin qarşılaşması heç-heçə ilə başa çatıb.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

Xəbər 430 dəfə oxundu.