“Milan” klubu 8 illik fasilədən sonra yenidən UEFA Çempionlar Liqasına vəsiqə qazanıb | |
Mayın 23-də futbol üzrə İtaliya A Seriyasının sonuncu - 38-ci turunun oyunları keçirilib. “Yuventus” klubu səfərdə “Bolonya” komandasını darmadağın edib - 4:1. Federik Kyeza, Alvaro Morata (2) və Andre Rabiotun vurduğu qolla sayəsində “qoça sinyora” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. “Bolonya”nın təsəlli qolunu 85-ci dəqiqədə Rikkardo Orsolini vurub. Turinlilər A Seriyanı dördüncü başa vurub (78 xal). UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan digər klub - “Napoli” isə gözlənilmədən öz meydanında “Verona” komandası ilə heç-heçə edib. Neapol təmsilçisi Ali Rahmaninin 61-ci dəqiqədə vurduğu qolu sayəsində hesabda öndə çıxsa da, səkkiz dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Davide Faraoni adını tabloya yazdırıb. “Milan” klubu səfərdə “Atalanta”komandasının qonağı olub. Gərgin keçən görüş milanlıların qələbə qazanıb - 2:0. Oyunda hər iki qolun müəllifi 43-cü və 90-cı dəqiqədə Frank Kessi olub. O, hakimin təyin etdiyi hər iki penalti dəqiq yerinə yetirib. Bu qələbə sayəsində xal ehtiyatını 79-a çatdıran “Milan” çempionatı gümüş medallarla başa vurub. “Atalanta” isə 78 xalla üçüncü yeri tutub. Beləliklə, “Milan” klubu 8 illik fasilədən sonra yenidən Çempionlar Liqasında oynamaq hüququ qazanıb. “Rossoneri”lər sonuncu dəfə 2012-2013-cü il mövsümündə qitənin ən nüfuzlu klub turnirində iştirak edib. Milanlılar İtaliyanın dünyada ən titullu klub komandalarından biri və ən çox beynəlxalq kubok qazanmış futbol klubudur. 1963-cü ildə UEFA Çempionlar Liqasını qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin “Milan” UEFA Çempionlar Liqasının kubokunu öz muzeyində əbədi saxlamaq hüququna malik beş Avropa klubundan biridir. UEFA Super Kubokunu ən çox qazanmış iki klubdan biri (6 dəfə) olan “Milan” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı üçüncü futbol klubudur. Beləliklə, bu nəticələrdən sonra növbəti mövsüm “İnter”, “Milan”, “Atalanta” və “Yuventus” İtaliyanı UEFA Çempionlar Liqasında, “Napoli”, “Latsio”, “Roma” və “Sassuolo” isə UEFA Avropa Liqasında təmsil edəcək. A Seriyanı bu mövsüm “Benevento”, “Krotone” və “Parma” klubları tərk edir. Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “Kalyari” - “Genoa” - 0:1; “Krotone” - “Fiorentina” - 0:0; “Sampdoriya” - “Parma” - 3:0; “İnter” - “Udineze” - 5:1; “Sassuolo” - “Latsio” - 2:0; “Spezia” - “Roma” - 2:2; “Torino” - “Benevento” - 1:1. |
|
Xəbər 426 dəfə oxundu. |
|
|