Karate və parakarate üzrə yığma komandalarımız Xorvatiyada Avropa çempionatlarında mübarizə aparacaqlar | |
Azərbaycanın karate və parakarateçiləri mayın 19-23-də Xorvatiyanın Poreç şəhərində karate üzrə böyüklərin 56-cı Avropa çempionatı və parakarate üzrə növbəti Avropa çempionatında iştirak edəcəklər. Qitə çempionatında federasiyanın prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 23 idmançıdan ibarət heyət mübarizə aparacaq. Fərdi kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kiloqram), Tural Ağalarzadə (67 kiloqram), Rafael Ağayev (75 kiloqram), Pənah Abdullayev (84 kiloqram) və Asiman Qurbanlı (84 kiloqramdan yuxarı), həmçinin Nuranə Əliyeva (50 kiloqram), İlahə Qasımova (55 kiloqram), Fəridə Abiyeva (61 kiloqram), İrina Zaretska (68 kiloqram) və Fəridə Əliyeva (68 kiloqramdan yuxarı) tatamiyə çıxacaq. Məşqçilər komanda yarışlarında Tural Ağalarzadə, Rafael Ağayev, Pənah Abdullayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Ayxan Mamayev və Turqut Həsənovdan ibarət heyətin tatamiyə çıxmasını məqbul sayıb. Qadınların komanda heyətində isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevanın çıxışı nəzərdə tutulsa da, fərdi yarışların nəticəsinə əsasən, onlardan birini Fəridə Abiyeva əvəz edə bilər. Kata üzrə fərdi yarışlara Roman Heydərov və Neda Rezai, komanda çıxışlarına isə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət qatılacaq. Parakarate yarışlarında Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova çıxış edəcək. Karate üzrə Avropa çempionatında 47 ölkədən 513 karateçi, parakarateçilərin qitə çempionatında isə 15 dövlətdən 49 idmançı yarışacaq. AZƏRTAC |
|
Xəbər 479 dəfə oxundu. |
|
|