Bu gün London-2012 Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək
Bu gün London-2012 Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. İdman.com.az saytının Böyük Britaniya paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, iştirakçı ölkələrin idmançıları və nümayəndə heyətləri artıq Londona toplaşıblar. Hazırda diqqət mərkəzində olan vacib mərasimlərindən biri – Olimpiya kəndində iştirakçı dövlətlərin bayraqlarının qaldırılması başa çatmaq üzrədir.

Azərbaycan bayrağının Olimpiya kəndində qaldırılması mərasimində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin üzvü, BOK-un Beynəlxalq əlaqələr Komissiyasının sədri Mario Peskante də iştirak edib. Tanınmış dövlət və idman xadimi tədbirdən öncə Azərbaycan gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimovla görüşüb. Görüşdə qitə, Beynəlxalq və İtaliya Olimpiya Komitələri ilə Azərbaycan Olimpiya Komitəsi arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Peskante görüşdə əməkdaşımızın sualını da cavablandırıb. O, “Azərbaycan idmançılarının Sidney və sonrakı Olimpiya Oyunlarında çıxışlarını, eləcə də, ölkəmizdə Olimpiya Hərəkatının inkişaf tempini müxtəlif vaxtlarda yüksək qiymətləndirmisiniz. İdmançılarımız haqqında sizdə olan məlumatlar hansısa proqnozlar verməyə əsas verirmi” sualına cavab olaraq bildirib ki, Azərbaycan idmanının daha da irəli gedəcəyinə əmindir: “İdmançılarınıza böyük uğurlar arzulayıram və bu uğurlara qəlbən sevinəcəyimə əmin ola bilərsiniz. Londonda “Azərbaycan günü”ndə də sizinlə birgə olacağam. Eyni zamanda, bizim keçirəcəyimiz “İtaliya günü”ndə azərbaycanlı dostlarımı səbirsizliklə gözləyəcəyəm”.

Qeyd edək ki, Peskantenin adı Azərbaycan idmansevərlərinə yaxşı tanışdır. O, 2000 və 2001-ci illərdə Avropa Olimpiya Komitəsinin baş katibi kimi Azərbaycanda olub. Olimpiya Hərəkatının tanınmış şəxslərindən biri olan mütəxəssis İtaliya Olimpiya Komitəsinin prezidenti olduğu illərdə də, indi də Azərbaycan Milli Olimpiya Komitəsi ilə əməkdaşlığa xüsusi önəm verib.

Xəbər 1247 dəfə oxundu.