“Nizami ili”nə həsr olunan “Xəmsə” beynəlxalq turnirinə yekun vurulub | |
Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə martın 27-dən start götürən “Gaming League Azerbaijan” dünyanın ən populyar virtual döyüş növü olan “Counter-Strike”: “Global Offensive” oyunu üzrə “Xəmsə” beynəlxalq turnirinə yekun vurulub. “Gaming League Azerbaijan”ın təşkil etdiyi yarışda Macarıstan komandası birinci olub. “Budapest 5” komandası inamlı çıxışı ilə yarışın qalibi adını qazanıb. Çempion komanda 2 min 500 ABŞ dolları mükafat əldə edib. Ukraynanın “Marlian eSports” kollektivi ikinci, Belarusun “Zorka Gaming” komandası isə üçüncü yeri tutub. İkinci və üçüncü yerin sahibləri müvafiq olaraq 1500 və 1000 ABŞ dollar qazanıb. Xatırladaq ki, turnirdə Azərbaycanla yanaşı Belarus, Gürcüstan, Ukrayna, Şimali Makedoniya, Slovakiya, Polşa və Macarıstan komandaları iştirak edib. Ölkəmizi təmsil edən “Karabakh Horses” və “GMT Esports” komandaları erkən mərhələdə mübarizəni dayandırıb. Başa çatan turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları təşkil edib. Yarış “YouTube”da “Glahub” kanalında, “Instagram”da isə “Glohub” səhifələrində canlı yayımlanıb. Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib. Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. |
|
Xəbər 443 dəfə oxundu. |
|
|