Azərbaycanın “Odlar Yurdu” komandası Avropa kubokunda beşinci yeri tutub | |
Bu gün klublararası şahmat üzrə onlayn Avropa kubokunun final mərhələsinin həlledici oyunları keçirilib. Azərbaycanın finalda mübarizə aparan “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) komandası yekun nəticədə 9 xal toplayaraq 5-ci yerdə qərarlaşıb. Belə ki, bu gün son beş turda mübarizə aparan komandamız Rusiyanın “Ladya Kazan” komandası ilə ilk qarşılaşmada məğlub olub. Sonrakı oyunlarda yığmamız “Guildford” (İngiltərə) və “Novy Bor”a (Çexiya) 3:1 hesabı ilə qalib gəlib, “Poland Hussars” (Polşa) ilə heç-heçə edib. Son oyununu Fransanın “Clichy Echecs 92” yığmasına qarşı keçirən komandamız 0,5:3,5 hesabı ilə məğlub olub. Yarışın qalibi 14 xalla Almaniyanın “Deizisau” komandası olub. İkinci yeri 13 xalla Fransanın “Clichy Echecs 92” yığması, üçüncü yeri isə 11 xalla Rusiyanın “Mednıy Vsadnik” komandası tutub. Avropa Kubokunun ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq. |
|
Xəbər 434 dəfə oxundu. |
|
|