Sərdar Həsənov: “Ümid edirəm ki, evə uğurla dönəcəyəm” | |
“Yığmanın olimpiadaya hazırlığı yüksək səviyyədədir. Bu, ümidvericidir. İndi əvvəlki dövrlə müqayisədə vəziyyət çox yaxşıdır”. İdman.com.az sayının məlumatına görə, bunu Azərbaycan olimpiya yığmasının ağırlıqqaldıranı Sərdar Həsənov deyib. London-2012-də 69 kq çəki dərəcəsində mübarizə aparacaq 27 yaşlı atletimiz Olimpiadadakı hədəflərini açıqlayıb. O Ağır Atletika Federasiyasının rəsmi saytına açıqlamasında bildirib ki, yığmanın bütün üzvləri medal qazanmaq üçün hazırdır: “İnanıram ki, olimpiadada yaxşı çıxış edəcək və medallardan birinə sahib olacağıq. Məşq planımız düzgün qurulub. Məşqçimiz Nizami Paşayevin çox gözəl hazırlıq planı var. Fiziki hazırlığımız da yaxşıdır. Məsələn, mən o vaxt 160 kq-ı qaldırırdımsa, indi 180-186 kq çəkini ram edə bilirəm. Bu da ən azı olimpiadada medal deməkdir. Ümid edirəm ki, bu nəticəni Londonda da təkrarlayıb evə uğurla dönəcəyəm”. Həsənovun əsas rəqibləri sırasında Briken Kalya (Albaniya), Martin Razvan (Rumıniya) və Arakel Mirzoyan (Ermənistan) yer alırlar. Qeyd edək ki, dəfələrlə Azərbaycan çempionu, tələbələr arasında ilk dünya çempionatının (Yunanıstan) gümüş mükafatçısı olan Sərdar 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da qüvvəsini sınayıb. |
|
Xəbər 1360 dəfə oxundu. |
|
|