“Champions Chess Tour” şahmat seriyasının dördüncü mərhələsinin qalibi və mükafatçıları müəyyənləşəcək
Bu gün dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin qalib və mükafatçıları müəyyənləşəcək.

Final mərhələsinin ikinci matçında Niderland təmsilçisi Aniş Giri Rusiya şahmatçısı Yan Nepomnyaşi ilə həlledici qarşılaşmalarını keçirəcəklər. Üçüncü yer uğrunda isə norveçli dünya çempionu Maqnus Karlsen ilə ABŞ təmsilçisi Uesli So mübarizə aparacaqlar. Həlledici görüşlərdə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq. Bu mərhələdə də qaliblərin müəyyənləşməyəcəyi təqdirdə, şahmatçılar armaqeddonda güclərini sınayacaqlar.

Final mərhələsində birinci matçda Aniş Girinin Rusiya şahmatçısı Yan Nepomnyaşi ilə qarşılaşması heç-heçə ilə başa çatıb. Norveçli Maqnus Karlsen isə ABŞ təmsilçisi Uesli So ilə birinci matçı 3:1 hesablı qələbə ilə başa vurub.

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 min, finalçı 40 min, 3-cü yerin sahibi isə 25 min ABŞ dolları qazanacaq.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb.
Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.

Xəbər 462 dəfə oxundu.