İddiaçılar turnirinin bərpa tarixi dəqiqləşib | |
Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları, lakin koronavirus pandemiyası səbəbindən dayandırılmış turnir aprelin 19-da davam etdiriləcək. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç TASS informasiya agentliyinə müsahibəsində bildirib. O qeyd edib ki, turnir dayandırıldığı turdan davam etdiriləcək: “Qəbul etdiyimiz qərara əsasən, aprelin 19-da 8-ci turun qarşılaşmaları keçiriləcək. On dördüncü turadək oyunlar 10 gün ərzində təşkil olunacaq. Ümid edirik ki, bu dəfə hər şey qaydasında olacaq”. FIDE-nin prezidenti bildirib ki, şahmatçılar aprelin 17-dən başlayaraq Yekaterinburqa gəlməlidirlər. Turnirin son turu aprelin 28-də keçiriləcək. İddiaçılar turniri martın 26-da 7-ci turdan sonra yarımçıq dayandırılıb. Yeddi turdan sonra Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşe-Laqrav (Fransa) 4,5 xalla birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları Aniş Giri (Niderland), Aleksandr Qrişuk (Rusiya), Fabiano Karuana (ABŞ) 3,5, Kiril Alekseyenko (Rusiya) və Liren Dinq (Çin) 2,5 xal toplayıblar. Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi. |
|
Xəbər 445 dəfə oxundu. |
|
|