Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” turnirində mübarizə aparacaq | |
Fevralın 6-da “Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü mərhələsinin oyunları start götürəcək. “Opera Euro Rapid” adlı turnir fevralın 14-dək davam edəcək. Yarışda Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə yanaşı, norveçli dünya çempionu Maqnus Karlsen, ABŞ şahmatçıları Hikaru Nakamura, Uesli So, Leyner Dominqez və Sem Şenkland, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Aleksandr Qrişuk və Daniil Dubov, çinli Liren Dinq, fransalı Maksim Vaşe-Laqrav, Niderland təmsilçisi Aniş Giri, polşalı Yan-Kşıştof Duda, hindistanlı Vidit Santoş, almaniyalı Matias Blubaum və erməni Levon Aronyan mübarizə aparacaqlar. Teymur Rəcəbov birinci turda Matias Blubaum ilə qarşılaşacaq. Böyük maraqla gözlənilən Teymur Rəcəbov - Levon Aronyan qarşılaşması fevralın 8-də 15-ci turun oyunları çərçivəsində baş tutacaq. Üç gün davam edəcək qrup mərhələsində gündə beş tur oynanılacaq. Turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edir. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrına qədər davam edəcək. |
|
Xəbər 437 dəfə oxundu. |
|
|