Türkiyə Superliqası: “Trabzonspor” səfərdə “Beşiktaş”ı məğlub edib
Yanvarın 31-də futbol üzrə Türkiyə çempionatının XXII turunun üçüncü günündə keçirilən qarşılaşmada "Beşiktaş" doğma meydanda "Trabzonspor"u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı meydan sahiblərinin hücumçusu Vinsent Aboubakar açıb. Lakin qarşılaşmanın 44-cü dəqiqəsində İstanbul klubunun futbolçusu Fransisko Montero topu səhvən öz qapısına göndərib. Matçın 63-cü dəqiqəsində isə Vitor Huqo "Trabzonspor"a qələbə qazandıran qolun müəllifi olub.

Günün digər görüşündə isə "Antalyaspor" səfərdə "Gənclərbirliyi"ni minimal hesabla məğlub edib. "Ərzurumspor" isə öz meydanında "Ankaragücü"nü 1:0 hesabı ilə udub. "Alanyaspor" doğma divarlar arasında "Sivasspor"u 3:1, "Dənizlispor" isə "Göztəpə"ni 2:1 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 45 xalla "Fənərbağça" başçılıq edir. İkinci pillədə 44 xal toplayan "Beşiktaş", üçüncü pillədə isə 42 xala malik olan "Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXII turda "Konyaspor" istirahət edib.

Xəbər 453 dəfə oxundu.