“Sabah” doğma meydanda “Kəpəz”ə məğlub olub
Yanvarın 25-də futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsi çərçivəsində “Sabah” doğma meydanda “Kəpəz”i qəbul edib.

“Bank Respublika Arena”da keçirilən qarşılaşmaya meydan sahibləri fəal başlayıblar. Görüşdə hesabı birinci hissəyə əlavə edilmiş dəqiqələrdə Bakı təmsilçinin müdafiəçisi Filip İvanoviç açıb. Matçın 68-ci dəqiqəsində isə Gəncə klubu hesabı bərabərləşdirməyə nail olub. Samir Qurbanov “Kəpəz”in birinci qolunu vurub. Görüşün 84-cü dəqiqəsində isə Gəncə təmsilçisi hesabda önə keçib. Əli Səmədov vurduğu qolla komandasına qələbə qazandırıb.

Ölkə kubokunun səkkizdəbir final mərhələsinin digər oyunlarında “Səbail” öz meydanında “Zaqatala”nı (3:2), “Qəbələ” səfərdə “Turan Tovuz”u (2:0), “Zirə” isə “Qaradağ Lökbatan”ı (4:0) məğlub edib.
Azərbaycan kubokunun dörddəbir final mərhələsində isə “Sumqayıt” – “Səbail”, “Qarabağ” – “Qəbələ”, “Neftçi” – “Zirə” və “Keşlə” - “Kəpəz” klubları üz-üzə gələcəklər. Dörddəbir final mərhələsinin birinci matçları fevralın 1-2-də, cavab görüşləri isə ayın 6-7-də keçiriləcək.

Xəbər 450 dəfə oxundu.