“Tokio-2020”: Yaponiya hökuməti koronavirusun yayılmasına qarşı bütün lazımi tədbirləri görür
Yaponiya hökuməti bu yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilmək üçün koronavirusun yayılmasına qarşı bütün lazımi tədbirləri görür.

Bu barədə “Tokio-2020”nin Təşkilat Komitəsindən bildirilib.

Yaponiyanın Baş naziri Yoşihide Suqa hökumətin COVID-19-a qarşı əlaqələndirmə iclasları keçirdiyini və Olimpiadaya ev sahibliyi edə bilmək üçün hərtərəfli tədbirlər görüldüyünü bildirib: “Yaponiya hökuməti, Tokio rəhbərliyi, Beynəlxalq Olimpiya və Paralimpiya komitələri də daxil olmaqla, bütün tərəfdaşlarımız diqqəti tam olaraq bu yay Oyunların keçirilməsinə yönəldib. Ümid edirik ki, gündəlik həyat ən qısa zamanda normallaşacaq və təhlükəsiz Oyunlara hazırlaşmaq üçün səylərimizi davam etdirəcəyik”.

Bundan əvvəl “The Times” qəzeti Yaponiya hökumətindəki mənbəyə istinad edərək, ölkə rəhbərliyinin Tokio Oyunlarının koronavirus səbəbi ilə ləğv edilməsinin vacibliyi qənaətinə gəldiyini yazmışdı. Ancaq Yaponiya hökuməti bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək keçirilməli idi, ancaq pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Xəbər 442 dəfə oxundu.