Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası: Elm, təhsil və idmanda yeni uğurlara doğru
Bədən tərbiyəsi və idman sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlandığı ali təhsil müəssisəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) bu yaxınlarda 90 illik yubileyini qeyd edib.

Bakıda 1930-cu ilin noyabrın 8-də fəaliyyətə başlayan Zaqafqaziyanın ilk ali idman məktəbi - Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutu təkcə Azərbaycanda deyil, bütün Qafqaz bölgəsində idmanın inkişafına mühüm təsir göstərib. Altı il sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (ADBTİİ) çevrilən tədris ocağı ötən onilliklər ərzində respublikamızda 30 min nəfərdən çox fiziki-texniki hazırlıq səviyyəsi yüksək olan idmançılar, həmçinin pedaqoji, psixoloji-tibbi təlim metodikasına mükəmməl yiyələnən mütəxəssislər hazırlayıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə ADBTİİ-nun yeni binasının açılışı idmanımızın tədrisi sahəsində daha geniş perspektivlər açıb. O vaxtdan bu ali məktəb respublikamızda idmanın inkişafında mühüm rol oynayan, hamının idman ocağı kimi rəğbət bəslədiyi tədris ocağına çevrilib.

Ötən müddətdə ali məktəbin fəaliyyətində idmanımızın korifeylərindən Abbas Ağalarov, Rza Baxşəliyev, İbrahimpaşa Dadaşov, Məsmə Məmmədova, Tofiq Abbasov, Şamil Şamxalov, Əfqan Səfərov, Rza Baxşəliyev, Tofiq Bəhramov, Ələkbər Məmmədov, Bəhram Nərimanov və bir çox başqalarının müstəsna xidmətləri olub. Azərbaycana Yay Olimpiya Oyunlarında ilk mükafatı da bu kollektivin üzvü Rəşid Məmmədbəyov qazandırıb. O, 1952-ci ildə 4-cü kursda oxuyarkən Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə gümüş medal qazanıb. Sonradan institutun digər tələbə və məzunları – atletika üzrə Xandadaş Mədətov, güləş üzrə Aydın İbrahimov, Xəzər İsayev, Arif Niftullayev, Məhyəddin Allahverdiyev, voleybolçu İnna Rıskal, həndbolçular Rəfiqə Şabanova, Lüdmila Şubina, qılıncoynadanlar İlqar Məmmədov, Boris Koretski, futbolçu İqor Ponomaryov və onlarca başqa idmançılarımız Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında qələbə estafetini layiqincə davam etdiriblər.

Müstəqil, müasir Azərbaycanın idman hərəkatında irəliləyişi 1997-ci ildən – İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra baş verib. O vaxt Sidney Yay Olimpiya Oyunlarına lisenziya qazanan 31 idmançıdan 23-ü ADBTİA-nın tələbə və məzunları idi. Onlardan Namiq Abdullayev sərbəst güləş, Zemfira Meftahətdinova stend atıcılığı yarışında Olimpiya çempionu olub, komandamızın digər üzvü Vüqar Ələkbərov isə boksumuzun tarixində ilk Olimpiya mükafatını qazanıb. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılıb, 1 il sonra respublika ali təhsil ocağı Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilib.

Son illərdə ali məktəbdə təhsilin keyfiyyətini yüksəltmək məqsədilə mühüm yeniliklər həyata keçirilir. Yeni tədris korpusu, idman zalları yaradılıb, ən müasir avadanlığın quraşdırılması ilə maddi-texniki baza təkmilləşdirilərək dünya standartları səviyyəsinə çatdırılıb. 2016-cı ildən başlayaraq Akademiyada ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur, o cümlədən elektron kitabxana, tədris laboratoriyaları və s. yaradılıb, təhsil imkanları genişləndirilərək distant və onlayn təhsil imkanları, İKT-nin tətbiqi, tələbə və professor-müəllim heyətinin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması həyata keçirilir, qabaqcıl təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur.

Aparılan islahatlar tədrisin keyfiyyətinə və Akademiyanın ictimai nüfuzuna böyük təsir göstərib. Son illər ərzində tələbə qəbulu 80 faiz, tələbələrin ümumi sayı 32 faiz artıb. Azərbaycan idman təhsil sistemində böyük yeniliklərdən biri də, akademiyada 2017-ci ildən “Məşqçi”, “İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasları üzrə yeni tədris proqramları hazırlanması, bu sahədə yeni təhsil standartlarının təsdiq edilməsidir. Eyni zamanda, ingilis dilində modul tipli – “İdman Jurnalistikası”, “İdman menecmenti”, “İdman tibbi və reabilitasiya” yeni magistr ixtisasları yaradılıb.

Təhsil ocağında akademik heyətin inkişaf etdirilməsi və ingilisdilli proqramlarda dərs deyən əcnəbilərin milli mütəxəssislərlə əvəz etdirilməsi məqsədi qarşıya qoyulub. Artıq magistratura proqramlarının məzunlarının pedaqoji fəaliyyətə cəlb edilməsinə başlanıb.

Təhsil ocağının 90 illik tarixində ilk dəfə Akademiyada pedaqogika və tibb elmləri üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktorantura təsis edilib.

Akademiyada 2020/2021-ci tədris ilində “SABAH” qrupları layihəsinin təcrübəsi əsasında “İdman menecmenti və kommunikasiya” bakalavr ixtisası üzrə istedadlı tələbələr üçün ilk “SABAH” qrupu yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Qrup xüsusi seçim yolu ilə formalaşdırılıb və burada tədrisin ingilis dilində aparılması nəzərdə tutulub.

Beləliklə, Akademiyada davamlı olaraq bakalavr, magistratura və doktorantura səviyyələrində beynəlxalq standartlara uyğun vahid tədris modeli qurulur.

Akademiyanın tələbələri öz vətənpərvərlik hissləri ilə də seçilərək cəmiyyətdə xüsusi maraq doğurublar. 90 illik yubileyini noyabrın 8-də - Azərbaycanın Zəfər Günü tarixində böyük qürurla qeyd edən ali təhsil ocağının məzunları arasında 3 Milli Qəhrəmanımız, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə böyük şücaət göstərən saysız-hesabsız igidlərimiz var.

ADBTİA-nın Multimedia Mərkəzinin nəzdində yeni yaradılmış “ASAPES GOLD” radiosunun “Qaliblər” layihəsi ilə start götürməsi heç də təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsində ADBTİA-nın 60-dan çox tələbəsi iştirak edib və Vətən borcunu ləyaqətlə yerinə yetirən igidlərimizi daha yaxından tanıtmaq üçün layihənin xüsusi əhəmiyyəti var.

Qırx dörd günlük müharibənin ilk günlərində Akademiya tərəfindən Ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan "Mitsubishi Pick-up L200" avtomobilləri təqdim edilib. Döyüş bölgəsindəki əsgərlərə dəstək məqsədi ilə akademik, inzibati heyət və tələbələr öz ürək sözlərini əks etdirən “Əsgərə məktub” yazıblar və Akademiya tərəfindən hazırlanan hədiyyə paketlərinə əlavə edərək cəbhə bölgəsinə göndəriblər.

Vətənə bağlılığı daha da gücləndirmək, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasını aşılamaq, milli-mənəvi və ümumbəşəri dəyərləri düzgün şəkildə təbliğ etmək məqsədilə təhsil ocağında tələbə gənclərlə iş və gənclərin vətənpərvərlik tərbiyəsi bundan sonra da əsas prioritet olaraq qalacaq.

İnanırıq ki, 90 illik tarixə malik ali təhsil ocağı məqsədlərə çatmaq üçün qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək və vətənpərvər, müasir kompetensiyalı ziyalı ordusunun yetişdirilməsinə sanballı töhfələr verməkdə davam edəcək.

Xəbər 414 dəfə oxundu.