“Hər səfər oyununa 3 qapıçı ilə yollanacağıq” | |
“Lukas Tralkanın bərpa prosesi çox yaxşı keçir. O da hazır olmağa çalışır”. İdman.com.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın Avroliqada rəqibi olan Polşanın “Lex” klubunun baş məşqçisi Mariuş Rumak deyib. Poznan təmsilçisi turnirin II təsnifat mərhələsində ilk oyununu sabah Lənkəranda keçirəcək. Artıq cənub bölgəsinə yollanan polşalıların çalışdırıcısı zədəli yarımmüdafiəçisi Lukas Tralkanın vəziyyətinə toxunub: “Biz onu qorumalıyıq. Çünki yarımmüdafiəçimizin yenidən zədələnməyini istəmirik”. Lənkəranlılarla oyuna 24 futbolçu ilə hazırlaşan “Lex”in baş məşqçisi 19 futbolçu gətirib. Rumak sərəncamında 3 qapıçının olmağını lazım bilib: “Bu, çox həssas mövqedir və qapıçılarımızdan birinin zədələnməyi böyük problem olacaq. Buna görə də qərara gəldim ki,hər səfər oyununa 3 qapıçı ilə yollanacağıq”. Baş məşqçinin fikirləri belə əsaslandırılır ki, əsas qapıçı Kristofer Kotorovkinin səhhətində problem var. Buna görə təcrübəli oyunçu fərdi planda çalışır. Qeyd edək ki, “Lex” I mərhələdə Qazaxıstanın “Jetısu” klubu ilə oyuna 1 gün qalmış yerli vaxtla saat 23:00-da çatdığından, məşq edə bilməmişdi. Lənkəranda isə belə imkanı olan polşalılar son çalışmalarını oyun vaxtında – saat 20:00-da keçirir. |
|
Xəbər 1056 dəfə oxundu. |
|
|