Tomas Bax “Tokio-2020”nin dünyada tarixi Olimpiada kimi qəbul ediləcəyinə inandığını bildirib | |
Tokio Olimpiya Oyunları tarixində Olimpiadaya ən çox hazırlanan şəhərdir. Tarixi sözünü istifadə edərkən hər zaman çox diqqətli oluram. Amma əminliklə deyə bilərəm ki, Tokio Olimpiadası tarixi yarış olacaq. Bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax “Nikkei” qəzetinə açıqlamasında bildirib. Qurumun prezidenti 2021-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının dünyada tarixi Olimpiada kimi qəbul ediləcəyinə inandığını bildirib. O deyib ki, Yaponiya koronavirus pandemiyasını nəzərə alaraq Olimpiadaya hazırlıq dövründə hər cür səy göstərir. BOK prezidenti Yaponiyanın Oyunlara hazırlaşmasını, həmçinin koronavirus pandemiyası ilə əlaqədar müxtəlif tədbirlərin qəbul edilməsini yüksək qiymətləndirib. Yaponiya hökumətinin gələcəyə baxdığını və problemləri ortaya çıxmadan həll etməyə çalışdığını vurğulayan BOK rəhbəri koronavirusla əlaqədar dünyada hazırda çətin olan vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib. Tokio Olimpiadasının təşkilatçıları koronavirusa qarşı mübarizə tədbirlərinə təxminən 100 milyard yen (960 milyon dollar) xərcləmək niyyətindədirlər. Bu məbləğin böyük hissəsinin Yaponiya hökuməti tərəfindən veriləcəyi gözlənilir. Yaponiya paytaxtında Olimpiada 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olsa da, pandemiya səbəbindən təxirə salınıb. Olimpiya Oyunları bu şəhərdə 2021-ci il iyulun 23-dən avqustun 8-dək təşkil ediləcək. |
|
Xəbər 460 dəfə oxundu. |
|
|