Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində daha 8 qarşılaşma oynanılacaq
Dekabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində daha 8 qarşılaşma oynanılacaq.

Turun ikinci oyun günündə E, F, G, və H qruplarında görüşlər keçiriləcək.

E qrupunda “Sevilya” klubu “Çelsi” komandasını qəbul edəcək. Hər iki komanda səkkizdəbir final mərhələsinə vəsiqəni təmin edib. Hər iki komandanın aktivində 10 xal var. Qrupun digər oyununda Fransanın “Renn” klubu səfərdə “Krasnodar”ın (Rusiya) qonağı olacaq.

F qrupunda doğma divarlar arasında İtaliyanın “Latsio” klubu ilə qarşılaşacaq “Borussiya Dortmund” komandası qələbə qazanacağı təqdirdə mərhələ adlayacaq. Eyni sözləri Roma təmsilçisi barədə də söyləmək olar. Hətta “Brügge” (Belçika) – “Zenit” (Rusiya) matçının nəticəsindən asılı olaraq, ilk iki sırada qərarlaşmış komandaların hər ikisi pley-off mərhələsinə yüksəlmək şansına malikdir.

G qrupunda da ilk iki pillənin sahibi müəyyənləşib. Bunlar “Barselona” və “Yuventus” klublarıdır. Kataloniya təmsilçisinin 12, Turin təmsilçinin isə 9 xalı var. Qrup liderləri bu turda müvafiq olaraq “Fenertsvaroş” (Macarıstan) və “Dinamo Kiyev” (Ukrayna) ilə qarşılaşacaqlar.

H qrupunda isə İngiltərənin “Mançester Yunayted” klubu evdə Fransanın “Paris Sen-Jermen” komandasını məğlub edəcəyi təqdirdə, adını pley-offa yazdıracaq. Qrupun digər oyununda isə “Başakşehir” Türkiyədə Almaniyanın “Leypsiq” komandası ilə görüşəcək. Bu qrupda səkkizdəbir final mərhələsinə ikinci vəsiqə sonuncu turda həll oluna bilər.

Xəbər 558 dəfə oxundu.